DEİZMƏ ÇƏKƏN 21 SUALA CAVAB!

deİzmə çəkən 21 sual barədə

Xarici saytların birində, insanları deizmə çəkən 21 ədəd sual paylaşılmışdı. Paylaşılan sualların cavabları yazılmadığı üçün, bəzi insanlar deizm və ateizm düşüncələrinə qapılırdı. Çünki, bunlar elə suallardır ki, insan bunların həqiqi cavablarını bilməsə və ya araşdırmasa, bir müsəlmanın belə, öz dininə şübhə göstərməsinə gəlib çıxara bilər. Bu məqaləmi yazmağımın səbəbi də elə budur. Biz bunların cavablarını paylaşmasaq, dostlarımız, yaxınlarımız və digər ətrafımızdakı insanlar bu tip suallar qarşısında məlumatsız qala və pis nəticələrə gəlib çıxa bilər. Verilən bütün sualların, məntiqli cavabları verilmişdir. Bu məlumatları paylaşmağı unutmayın. Saytın, məqalənin adını, linkini paylaşmasanız da olar. Kopyalayıb, öz adınızdan da paylaşa bilərsiz. Burada məqsəd sadəcə insanları islami mövzuda məlumatlandırmaqdır.

Sözler köşkü

Bu məqaləmdə yazdıqlarım Sözler Köşkü YouTube kanalından alıntıdır. Sözler Köşkü youtube kanalı, Türkiyənin ən böyük islami youtube kanalıdır. İslami və fəlsəfi suallara cavablar axtaran, elmi məlumatlarla İslami həqiqətləri araşdıran bir qurumdur. İstanbul və İzmirdə öz məkanları var. Türkiyədə yaşayan dostlar, dilədikləri zaman Sözler Köşkü’nün məkanlarına gedərək, islami söhbətləri dinləyə, islami kitablar oxuya, islami suallar verə bilərlər. Tamamilə pulsuzdur. Bu məkanlara dinindən, inancından asılı olmayaraq hər kəs gedə bilər. Bir çox ateist, xristian, deist burada müsəlman dinini araşdırıb qəbul etmişdir. Youtube kanallarına daxil olaraq bunların şahidi ola bilərsiz. İnanmayanlar Türkiyədəki məkanlarına gedib yaxından tanış ola bilərlər. Bu məqaləmdə onlar tərəfdən heç bir reklam alınmamışdır. Mən artıq 1 ildən çoxdur onların videolarını izləyirəm, özləriylə də sosial media üzərindən danışmışam. Siz də onların sosial media hesablarına öz islami suallarınızı yaza bilərsiz. Sözler Köşkü, göstərdiyi xidmətdən heç bir qazanc güdmədən fəaliyyət göstərən bir islami qurumdur.

SUALLAR

21 ədəd sualı aldıq və sıraya düzdük. Bəzi sualların bir neçəsi bir başlıq altında cavablana bilər. “Ehtiyacı yoxkən Allah bizi niyə yaratdı?”, “Cənnət və Cəhənnəmə gedəcəyimizi bilirsə, bizi niyə imtahan edir?”, “Allah bizi sevirsə, niyə cəhənnəmə göndərir?” kimi suallar “qədər” başlığı altında cavablana bildiyi üçün, bu tərz sualları tək bir mövzu içində ələ alacayıq.

1. İlk sual budur: Allahın ehtİyacı yoxkən niyə bizi imtahan edir?

“Risale-i Nur” mənbələrindən alınan cavablara görə, bu sualın cavabı belədir: “Hər camal və kamal sahibi öz camal və kamalını görmək və göstərmək istər”. Məsələn, Leonardo da Vinçi möhtəşəm rəsmlər çəkə bildiyi üçün, çəkdiyi rəsmləri insanlara göstərmək istəyir. Əgər, bu bacarığa sahib olan bir insan rəsm çəkməyib evdə otursa və ya çəkdiyi rəsmləri yandırsa, çox mənasız və hikmətsiz iş görmüş olar. Bu örnəkləri çoxalda bilərik. Yaxşı futbol oynaya bilən, futbol oynamazsa, çox yaxşı bir müəllim, müəllimlik etməzsə, eynən “Leonardo da Vinçi” örnəyində olduğu kimi, çox hikmətsiz bir iş görmüş olar. Allahın, “EL-HAKİM” ismi var. EL-HAKİM, “Bütün işləri yerli yerində və əksiksiz edən” deməkdir. Bu kainatı, insanları, iradəni, həyatı yarada bilərkən yaratmasaydı, haşa, EL-HAKİM isminə uyğun olmazdı.

Həyat və iradə elə mükəmməl şeylərdir ki, “1. Kopyalana bilməz”, “2. Kodlana bilməz”, “3. Köçürülə bilməz” və “4. Riyazi olaraq açıqlana bilməz”.

Yəni, bizi yaratmağı, ehtiyacından deyil, hikmətinin gərəyindəndir. Necə ki, mükəmməl futbol oynayan biri, futbol oynayarkən: “ehtiyacından dolayıdır” deyilə bilməz. Allahın bizi yaratma səbəbi də, ehtiyacı deyil, hikmətidir.

Daha bir örnəklə, daha aydın anlayacaqsınız. Bir adam düşünün. Bu adam çox təmizkardır. İnsanların arasında hər zaman əlini tez-tez yaş salfet ilə sildiyi kimi, yalnız olarkən də əlini tez-tez yaş salfet ilə silir. Əli kirli olarkən də əlini yaş salfet ilə silir, əli təmizkən də əlini yaş salfetlə silir. Bu davranışı, bu adamın təmizkarlığının gərəyidir. Əli kirliykən əlini yaş salfetə silərsə. “ehtiyacından dolayı silir” deyə bilmərik. Çünki əli təmizkən də onu edir. Yəni, təmizkar olduğu üçün bunu etdiyinə görə, bunu etməsinin də tək səbəbi elə təmizkar olduğudur. Eynən, bu örnəkdə olduğu kimi də, Allah yaratdığı hər şeyi “EL-HAKİM” isminin nəticəsi olaraq edir. Buna görə də, haşa, “Allah bizi ehtiyacından dolayı imtahan edir” deyə bilmərik.

2. Allah, BİZİM cənnətə və cəhənnəmə gedəcəyimizi bilirsə, bizi niyə imtahan edir?

Bu sualın cavabını tapmaq üçün əslində bilməyimiz gərəkən şey budur: “Bilmək və etmək fərqli şeylərdir”. Bir toxumun gələcəkdə ağac olmasını bilməyimiz, onun ağac olmasına əngəl deyildir.

Bir memar düşünün. Memar, bir binanın çertiyojunu çəkir. Binanın çertiyojunu çəkdikdən sonra, “bu çertiyoj gələcəkdə bir bina olacaq. O zaman heç bina tikməyimizə gərək yoxdur.” deyə bilməz. Yəni, nəticəni bilmək gedişatı əngəlləməz. Bir düşünün, gözünüzü açan kimi cəhənnəmdə yandığınızı görürsüz. Sən, “mən nə günah etdim ki, məni bura atdız?” deyə sual verdiyində sənə, “dünyaya getsəydin bu günahları edəcəkdin, ona görə birdəfəlik səni cəhənnəmə atdıq” desələr, buna etiraz edərsən. Çünki, bu böyük bir ədalətsizlikdir və sənə də etiraz etmək haqqı düşər. Yəni, Allahın bizi hara gedəcəyimizi bilməsi, bizi yaratmağına, imtahan etməyinə əngəl deyildir. Dediyimiz kimi: “Nəticəni bilmək, gedişatı dəyişdirməz”, “Bilmək və etmək fərqli şeylərdir”. Məsələn, 11-ci sinifi bitirən bir nə qədər ağıllı olursa olsun, universitetə girmək üçün digər uşaqlarla birlikdə imtahan verməlidir. Onun imtahan vermədən girməsi, digərlərinə ədalətsizlik olar. Eynən bunun kimi də, imtahan etmədən mükafatlandırmaq ədalətsizlikdir və ədalətə yaraşmaz.

Amma burada insanların anladığı böyük bir yanlış anlaşılma var. O da “alın yazısı” dediyim şeydir. “Allah bizi bu dünyaya göndərdi, bizi idarə edir, etdiyimiz günahlara da Allah bizi vadar edir (haşa). Buna görə də, gedəcəyimiz yeri də Allah bilir.” deyil! Bu çox böyük bir yanlış anlaşılmadır. Bu mövzuda işin içinə “qədər” mövzusu girir. Onu da növbəti sualda cavablandıracayıq. Növbəti mövzuda, 3 ədəd sualı ələ alacayıq.

3. Alın yazımda nə zaman öləcəyİm bəllidirsə, niyə sədəqə vermək ömrü uzadır? Allah hər şeyİ bilirsə, niyə ibadət edirik? Allah hər şeyİ bildiyi halda, niyə bizi yaratdı?

Bu 3 suala, “Qədər, Alın yazısı” başlığı altında cavab verəcəyik. Öncəliklə, qədərin nə demək olduğunu bilmək lazımdır. Bir çox insanın yanlış bildiyi şeyi düzəltmək istəyirik. İnsanlar bunu deyir: “Alın yazımı Allah yazdısa, mən Allahın mənə yazdığı həyatı yaşayıram.”. Biz, Allahın yazdığlarına görə yaşamırıq, biz yaşadığlarımıza görə Allah yazır. Yazdığımız örnəklə bunu daha yaxşı anlayacaqsız.

Yüksək bir təpənin başında oturduğunuzu düşünün. Təpənin altında da bir qatar yolu var. Siz görürsüz ki, eyni anda qarşı-qarşıya ilərləyən iki ədəd qatar var. Bu qatarlar bir-birilərini görə bilmirlər. Apardığınız hesablamalara görə təxmin edirsiz ki, bu iki qatar 2 dəqiqə sonra toqquşacaqlar. Və əlinizdəki dəftərə bunu yazırsız.

Və qatarlar, sizin dəftərdə yazdığınz kimi, 2 dəqiqə sonra toqquşurlar. Qəzadan xilas olan maşinistlərə gedib desəniz ki, “siz qəza etmədən öncə əlimdə olan dəftərə sizin qəza edəcəyinizi yazdım”. Görəsən o maşinistlərin sizə bunu deməyə haqqı varmı? “Bu qəzanın səbəbi sənsən.”. Əlbətdə ki, belə bir şey demək haqqı yoxdur. Eynən bunun kimi də, Allahın sonsuz elmi ilə bizim edəcəklərimizi görməsi və yazması bizim sonumuza təsir etməz. Yəni, biz öz iradəmizlə, öz seçmə haqqımızla, öz yolumuzu çəkirik. Və sonda alacağımız mükafatı, seçdiyimiz yolların nəticəsinə görə bəlirləyirik. Qısacası, etdiyimiz seçimlərə görə, örnəkdəki maşinistin, təpədə oturan oğlanı günahlandıra bilmədiyi kimi, (haşa) biz də öz seçimlərimizə görə Allahı günahlandıra bilmərik.

Sədəqə mövzusuna gəldikdə isə, bu mövzuda da bilməyimiz gərəkən bəzi şeylər var. Allahın iki fərqli qədər dəftəri vardır. Bunlardan biri, “LEVH-İ MAHV-İSBAT”-dır. Digəri isə, “LEVH-İ MAHFUZ-U ÂZAM”-dır. “LEVH-İ MAHV-İSBAT” deyilən qədər dəftəri, bəzi şərtlərə bağlıdır. Yəni, orda yazılanların gerçəkləşməsi üçün, bəzi şərtləri etməyimiz gərəklidir. Bu şərtləri etməsək, yazılan şeylər gerçəkləşməz və dəyişə bilər. Məsələn, “LEVH-İ MAHV-İSBAT” dəftərində filan qulun 60 il yaşayacağı yazılmışdır, amma bu yazı, o qulun sədəqə vermə şərtinə bağlıdır. Əgər o qul sədəqə verərsə, yazıldığı kimi 60 il yaşayar, verməsə daha az yaşayar. “LEVH-İ MAHFUZ-U ÂZAM” isə dəyişməyən qədərdir. Məsələn, orada bir insanın filan ildə, 11 mart tarixində qəza törədəcəyi yazılıbsa, o adam həmən ilin, 11 mart tarixində qəza törədəcək. Və bu yazılan şey dəyişməz.

4. Allah bİzi sevİrsə, günah işləməyimizə niyə icazə verib, sonra bizi cəhənnəmdə yandırır?

Allah, iradəni, hikmətinin gərəyi olaraq yaratdıqdan sonra, iradənin gərəyi olaraq da tərcih edilə bilən seçimləri yaradır. Bunu unutmayaq. Allah, hikmətinin gərəyi olaraq bu kainatı yaratdı. Bu kainat ilə birlikdə mükəmməl olan iradəni yaratdı. İradə ilə birlikdə isə, tərcih edilə bilən seçimləri (yaxşı və ya pis) yaratdı. Yəni, iradəsi olan insanın qarşısında iki seçim vardır: yaxşı və pis. “Yaxşı”-nı seçənlərə mükafat, “Pis”-i seçənlərə isə cəza verilir. Əgər verilməzsə, bu ədalətsizlik olar. Sualı təkrar xatırlayaq. “Allah bizi sevirsə, niyə günah işləməyimizə icazə verib, sonra bizi cəhənnəmdə yandırır?” deyilmişdi. Məsələn, bir Hakimin oğlu cəza işləyərsə və o Hakim öz məhkəməsində oğluna cəza verərsə, bu, Hakimin oğlunu sevmədiyindən deyil. Hakimin ədalətli olduğundandır. Allah, cəhənnəmə atacaq olduğu insanları sevmədiyindən dolayı deyil, eyniylə “Hakim” örnəyindəki kimi, ədalətli olduğundan dolayı bu cəzanı verir ki, Allahın nə qədər mərhəmətli olduğunu, bizə xəbərdarlıq etmiş olduğu yüzlərlə ayədən anlaya bilərik. Əgər, cəzalandırmaq istəsəydi, cəhənnəmdə yandırmaq istəsəydi, cəhənnəmdən xəbər verməzdi. Və günah işləyən qullarına, Tövbə etmək şərtiylə günahlarını bağışlayacağını söyləməzdi. Bağışlamaq üçün bu qədər seçimlər verən Allaha, necə olar ki, “Bizi cəzalandırmaq istəyir” deyilə bilər?! Buna, günümüzdən də nümunə verərək daha yaxşı izah edə bilərik. Maşın yollarında bir çox işarələr var. “120 Sürət həddini keçməyin”, “60 sürət həddini keçməyin” və s. Əgər, dövlət bizə cəza yazmaq istəsəydi, ora radar qoyardı, amma xəbərdarlıq işarələrini qoymazdı. Biz isə o işarələri görmədiyimiz üçün sürət həddini aşıb cəzalanardıq. Dövlət, bizim sürət həddimizi aşmamağımızı, qəzalar törədib həyatımızı riskə atmamağımızı istədiyi üçün o xəbərdarlıqları oraya qoyur. Eynən bunun kimi də, Allah bizi cəhənnəmdə yandırmaq istəsəydi, dəfələrcə Cəhənnəmdən bəhs edib, qaçınmamız gərəkdiyini söyləməzdi.

5. aFRİKADAKI İNSANLAR BU QƏDƏR ACKƏN, AMERİKADAKI İNSANLAR BU QƏDƏR RAHATKƏN, AFRİKADAKI İNSANLARIN GÜNAHI NƏDİR ?

Bir Padşah düşünün və Padşahın bir Vəziri var. Bir gün Padşah, bir sandıq dolusu qızılı Vəzirinə verir və filan kəndə gedib o qızılları oradakı insanlara paylamağını söyləyir. Vəzir, qızılları götürüb kəndə paylasa, o kəndin sakinləri Padşaha təşəkkür edər. Amma Vəzir, Padşahın əmrini dinləməyib, onun əmrinə əks istiqamətdə hərəkət edib o qızılları özü üçün istifadə edərsə, bu günah Padşahın deyil, Vəzirin günahıdır. Eynən bunun kimi də, əslində Allah dünyanın ən dəyərli qızıl mənbələrini Afrikaya vermişdir. Afrikanın ac olub, müstəmləkəçi ölkələrinin daha gözəl bir şəkildə yaşamasının ən böyük səbəbi, müstəmləkəçi ölkələrin oğurlaması və Afrikaya müstəmləkəçilik etməsidir. Az öncəki örnəkdəki kimi, Vəzir qızılları özünə istifadə edərsə, günahkar Padşah deyil, Vəzirdir. Afrikadakı insanların ac qalmasının səbəbi (haşa) Allah deyil, müstəmləkəçi dövlətlərdir.

6. BƏS NİYƏ PİSLİKLƏRƏ ƏNGƏL OLMUR ?

“Hər kəsin qismətini, öz çabasına bağlı etdik” deyir Rəbbimiz. Hər şeyə müdaxilə etmiş olsaydı əgər, cəhənnəmə gedən birinin: “Məni sən Cəhənnəmə atdın” deməyə haqqı olardı. Belə ədalətsizlik olmaması üçün, Allah insanlara iradə vermiş və önünə də “yaxşı” və “pis” seçimlərini vermişdir. Buna görə də, insanlar yaxşını və pisi öz iradələri ilə seçərlər. Əgər, Allah hər an müdaxilə etmiş olsaydı, edilən pisliklər və girilən günahlar da Allaha yansıdıla bilərdi. Bu da, səltənət sahibinin səltənətinə yaraşmaz.

Bir imtahana çox çalışıb girdiyini düşün. İmtahan zamanı nəzarətçi, təmbəl olan və imtahana çalışmayan birinin yanlış variantı seçməsinə əngəl olur və onun yanlış cavabları seçməsinə icazə vermir. Belə bir durumda etiraz edərsən. Çünki, sən çalışdın, doğru variantı bilirsən, başqası isə heç çalışmayıb və yanlış variantı seçməsinə nəzarətçi icazə vermir. Bu, çox böyük bir ədalətsizlikdir. Allahın da pisliklərə hal-hazırda müdaxilə etməməsi, onlarla maraqlanmadığı anlamına gəlməz. Sadəcə, böyük bir məhkəməyə saxladığını göstərər. Həm, ədalət anlıq deyil, nəticə etibarıyladır.

Məsələn, yol ilə gedirsən və bir dilənçi görürsən. Dilənçi çox xoşbəxtdir. Çünki, biz görməzdən 5 dəqiqə əvvəl bir nəfər ona 20 manat verib. O 20 manat ilə qarnını doyurub və buna görə çox xoşbəxtdi. Davam edirik. Saat gecə üçdə bir şirkət sahibi üzgün və çox yorğun bir şəkildə öz otağında işi üçün çalışır. Baxdığımızda an etibariylə bir ədalətsizlik var. Dilənçi çox xoşbəxtdi, amma şirkət sahibi çox üzgün və yorğundu. Əgər, bu hadisəyə anlıq baxsaq, yanılarıq. Çünki, bir ayın sonunda, şirkət sahibi çox pul qazanarkən, bir ayın sonunda həmən dilənçi bəlkə də 1 manata belə möhtac olacaq. Nəticə etibarıyla baxdığımızda ədalət yerini tapır. Eynən bunun kimi də, hal-hazırda, an etibarıyla baxdığımızda, bəzi insanlar sıxıntı, xəstəlik, zülm içindədir. Amma bəzi insanlar çox rahat və komfortlu həyat yaşayır. Bizim dediyimiz kimi, ədalət anlıq deyil, nəticə etibarıyladır. Yəni, nəticəyə baxmaq gərəklidir. Suriyadakı məzlumun axirətdə alacağı mükafat o qədər böyükdür ki, dünya həyatında yaşamış olduğu sıxıntıları heçə endirər. Bir əziyyətin sonunda verilən mükafat nə qədər böyükdürsə, həmən əziyyəti də o qədər unutdurar. Dünyada sıxıntı çəkən bir məzlum, axirətdə mükafatını aldığında, dünyada nə qədər sıxıntı çəksə belə, o sıxıntısı heçə enər. Bu duruma da ədalətsizlik deyilə bilməz. Zalım izzətində, məzlum isə zillətində bu dünyadan köçüb gedir. Demək ki, böyük bir məhkəmə olacaq. Kiçik cəzalar, kiçik məhkəmələrdə cəzalandırılarkən. daha böyük cəzalar da daha böyük məhkəmələrdə cəzalandırılır. Eynən bunun kimi də, zalımın etmiş olduğu zülmün cəzası bu dünyaya sığmadığı üçün, Cəhənnəm onu gözləyir!

7. BİZ, MÜSƏLMAN BİR ÖLKƏDƏ DOĞULDUĞUMUZ ÜÇÜN ALLAH’A İNANIRIQ. İNANMAYAN AİLƏDƏ DOĞULANLARIN GÜNAHI NƏDİR ?

Bu sualın cavabını anlamaq üçün, əslində axirətdə Allahın qüsursuz ədalətini bilməmiz gərəklidir. Bu dünyada, qüsursuz ədalət yoxdur. Belə bir örnək verək. Dağın başında, şəraitsiz bir məkanda imtahana hazırlaşan uşaq ilə şəhərin mərkəzində, ən yaxşı məktəbdə imtahana hazırlaşan uşaq, universitetə girmək üçün eyni imtahanı verir. Bu əslində ədalətsizlikdir. Axirətdə isə, Allah hər kəsi eyni sorğuya çəkmir. İnsana özəl sorğuya çəkir. Məsələn, biz müsəlman bir ölkədə doğulmuşuq. Daha çox imkanlarımız var. Bizə daha ağır suallar veriləcək. “Gündə 5 dəfə namazını qıldınmı?”, “Sübh namazına qalxdınmı?”, “Peyğəmbərinin sünnətlərini yerinə gətirdinmi?” kimi bir çox suallar verilərkən, fərqli ölkələrdə doğulan insanlara, bizə verilən ağır suallar verilməyəcək. Kənardan baxdığımızda, müsəlman ölkədə doğulan biri daha şanslı görünür, amma gündə 5 dəfə namazını qılmayan biri axirətdə necə cavab verəcək ? Fərqli dinlərə məxsus ailələrdə doğulan insanlara, bizə verilən suallar verilməyəcək. Onlara daha fərqli suallar veriləcək. Belə bir yanlış anlaşılma da var. Onu düzəltmək lazımdır. “Hər müsəlman cənnətə girəcək.”, xeyr! Hər müsəlman deyil, imanlı ölənlər cənnətə girəcək. Müsəlman ölkədən doğuldun deyə cənnətə gedəcək qarantin yoxdur. Müsəlman ölkədə doğularsan, “mən müsəlmanam” deyərsən, amma Allahın əmrlərini yerinə yetirməzsən və İslama qəlbinlə və ağlına iman etməsən, imansız ölsən cənnətə gedəcən deyə bir şey yoxdur.

Allah, islam dini barədə məlumatın çatmadığı insanları bundan məsul saymır. Buna da, Əhli Fətrət deyilir. Əhli Fətrət’i bir neçə qismə ayırmaq olar. İslam dini barədə məlumatların heç gəlib çatmadığı insanlar Əhli Fətrətdir və bu insanlar bundan məsul sayılmaz. Digər qismi isə, İslam dini barədə məlumatın çatdığı, amma yanlış məlumatların çatdığı və o insanın İslam dininin həqiqi mənbələrini əldə edib düzgün araşdırma imkanı yoxdur. Bu insan Əhli Fətrət sayılır və məsul sayılmaz. Harda doğulursan doğul, müsəlman ölkədə belə doğulsan belə, Xristian, Yahudi bir ölkədə doğulsan belə, İslam dinini çox yaxşı bir şəkildə araşdırıb qəlbinlə və ağlınla iman etmən lazımdır. Müsəlman ölkədə doğulub, qəlbinlə və ağlına İslama iman etmədiyin sürəcə, xristian bir insandan fərqin yoxdur. Xristian biri də, yetkinlik yaşına gəldikdən sonra dinləri araşdırıb İslam dininin ağlı və qəlbi ilə sübutlarını tapdıqdan sonra müsəlman ola bilər.

Əslində harada doğulduğunun və harada olduğunun çox önəmi yoxdur. Çünki, bilirik ki, Hz. Musa fironun sarayında böyümüşdür. Bilirik ki, Hz. Nuh’un oğlu, islama iman etməmişdir.

8. BƏS ƏGƏR XRİSTİANLAR VƏ YA ATEİSTLƏR HAQLIDILARSA ?

Bunu çoxalda bilərik. Xristianlar, yahudilər, deizm, ateizm düşüncəsindəkilər və s. Bəs əgər bunlar haqlıdılarsa?

Bunun tək-tək cavabını verib, tək-tək bunları məhv etmək yerinə, haqq din olan İslamı isbatladığımızda geri qalan hamısı məhv olmuş olur. Biz bu sualın cavabı olaraq, islamı isbatlayaq və sualın cavabını verək.

İslamın doğru din olduğunun yüzlərlə sübutlarından bir qismi, Quranda olan bir neçə ayədir. Bu məqalədə sadəcə bir neçə ayədən bəhs edəcəyik. Məsələn, Hədid surəsi 25-ci ayədə deyilir ki, “Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri endirdik…”. Bu ayədə, dəmirin göydən endirildiyindən bəhs edir. Qurani Kərim ayələrinin enməsindən 1200 il sonra, həqiqətən dəmirin, supernova ulduzlarının partlaması ilə yer üzünə enməsi isbatlanır. Zəriyət surəsi 47-ci ayədə isə belə deyilir: “Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”. Bu kitab yazıldıqdan 1300 il sonra, yəni 1929-cu ildə Edwin Hubble, nəhəng teleskopu ilə iki ulduzu müşahidə edərkən, zaman keçdikcə onlar arasındakı məsafənin artdığının şahidi olur. Bütün Amerika bunu danışarkən, riyazi olaraq da bu isbatlanır və dünyanın yoxdan var edildiyi isbat olunur. Halbuki, min il əvvəl bunu bizə Allah Quranda söyləmişdi. 1400 il öncə, Zəriyət surəsi 47-ci ayədə yazılan məlumatı 1920-ci ildə Edwin Hubble isbatlayır. Zumər surəsi 6-cı ayədə isə, belə deyilir: “O sizi analarınızın bətnində üç qaranlıq içində yaranışdan-yaranışa keçirərək yaradır”. Günümüzdəki modern texnologiyalar nəticəsində, bir uşağın həqiqətən ana bətnində üç qaranlıq mərhələdən dünyaya gəldiyi sübut olunmuşdur. Bu möcüzələr kimi, yüzlərlə ayə saymaq olar. Ay’ın, Günəşdən yansıyan işıq ilə görüldüyünə qədər bir çox örnək var. Quranda mindən çox elm ilə əlaqədar ayə var. Bunların 100-də 80-i elm adamları tərəfindən sübut olunub. Az öncə 3 dənə ayə oxudunuz. Sizcə bunları 1400 il öncə bir insanın çölün ortasında bilmə ehtimalı nədir ? Kəsinliklə imkansızdır. Bu, Qurani Kərimin Allah tərəfindən endirildiyinin açıq dəlilidir. Bundan sonra, bir çox insanın ağlına: “Görəsən Qurani Kərim dəyişdirilib?” deyə suallar gəlir. Topkapı sarayında sərgilənən, Hz. Osmanın qanlı Quranı Kəriminə karbon 14 metodu tətbiq edilir. Karbon 14 metodu, tarixi əsərlərin neçə il öncəyə aid olduğunu göstərən bir üsuldur. Hz. Osmanın Qurani Kəriminə karbon 14 metodu tətbiq edildiyinə, həqiqətən 1400 il öncədən qalan Qurani Kərim olduğu isbatlanır. Günümüzdəki Qurani Kərimlərlə müqayisə edildiyində isə hər hansı bir dəyişikliklə qarşılaşılmır. Zatən belə bir dəyişiklik olsa din düşmənləri susmaz, hər yerdə bundan istifadə edərdi. Hal-hazırda heç kim çıxıb bir şey deyə bilmir. Digər suala keçək…

9. “BU DÜNYAYA GƏLMƏK MƏNİM SEÇİMİM DEYİL. ALLAH, BUNU MƏNİM SEÇİMİM OLDUĞUNU VƏ XATIRLAMADIĞIMI SÖYLƏYİR.”

Bir öncəki sualımızda, Qurani Kərimin bir insan tərəfindən yazıla bilməyəcəyini və Allahın kitabı olduğunu isbatladıq. Əgər, Allah ayədə bunun sənin seçimin olduğunu söyləyirsə və xatırlamadığını deyirsə, bu doğrudur. Bu birinci cavabı. İkinci cavab isə budur. Ağlı başında olan və həqiqətən səmimi olan bir insan heç vaxt yoxluğu varlığa tərcih etməz. Məsələn, bir insanın qolu sınıbsa, onu sağaltmaq yerinə, birdəfəlik heç vaxt ağrımaması üçün qolunun kəsilməyinə razı olmaz. Eynən bunun kimi də, “Mən bu dünyaya niyə gəldim?”, “Allah məndən soruşmadı, gəlmək istəmirdim.” kimi düşüncələr, həqiqətən ağıldan və məntiqdən uzaq olan düşüncələrdir. Bir insan, yoxluğu varlığa tərcih etməz. Bu dünyaya gəlmisənsə, bu dünyaya gəlmək istəmisən deməkdir.

10. “SONSUZLUQ QAVRAMI AĞLASIĞMAZ BİR ŞEYDİR. ALLAHIN SONSUZ OLMASINI ANLAYA BİLMİRƏM.”

Zatən, bunu anlaya bilmərik. Çünki, bizim ağlımız məhduddur. Məhdud olan ağlımızla, məhdud olmayan, sonsuz olan Allahı tam anlamıyla anlaya bilmərik. Bu, okeanı stəkana doldurmağa çalışmaq kimidir. Amma, məhdud ağlımız olduğu üçün, Allahı heç bir şəkildə tanıya bilmərik demək deyildir bu. Allah, biz onu tanıyaq və ona ibadət edək deyə isimlərini dünyaya yansıtmışdır. Məsələn, siz bir stəkana baxdığınızda, o stəkanı düzəldən haqqında məlumat sahibi ola bilərsiz. Necə məlumat sahibi ola bilərsiz? Ağıl sahibidir, insanları tanıyır, tutacağı və ölçüsü və çox böyük deyil nə çox balaca deyil. Yəni, insanların rahatlıqla istifadə edə biləcəyi bir formada düzəldildiyi üçün, onu düzəldəndə hər kimdirsə, həyat sahibi olması, ağlı olması və insanları tanıması lazımdır. Siz necə bir sənətə baxıb sənətkarı təsəvvür edə bilirsizsə, eynən bunu kimi də Allahın dünya üzərindəki isimlərinin yansımalarına baxıb Allahı dərk edə bilərsiz.

11. CƏNNƏTDƏ BİRİNİ İSTƏYİRƏM, O DA BAŞQA BİRİNİ İSTƏYİRSƏ NƏ OLACAQ ?

Bu, buna bənzəyir. “Mən sevdiyimə qovuşmaq üçün dua edirəm, sevdiyim də başqa sevdiyinə qovuşmaq üçün dua edirsə, hansımızın duası qəbul olunar ?” 😂

Bu sualın cavabıını da bir örnəklə açıqlaya bilərik. Məslən, bir uşaq ana bətnində göbək bağı ilə bəslənərkən, “dünyada nə istəyirsən?” deyə soruşsalar. Göbək bağından bəslənə biləcəyi şeyləri istəyəcək. Amma dünyaya gəldikdən sonra istəklər də dəyişir. Biz insanlar da, hal-hazırda zamana və məkana bağlı olduğumuz üçün, cənnətdəki həyatımızla bağlı dünyadan gülməli şərhlər bildirməmək lazımdır. Amma cənnət haqqında məlumatlı olmaq istəyirsizsə, Qurani Kərimdə cənnət haqqında olan ayələrə baxmağınız yetərlidir.

12. “BİZ BÜDPƏRƏSTLƏRİ TƏNQİD EDİRİK, AMMA BİZ DƏ KƏBƏ’NİN ƏTRAFINA DÖNÜRÜK.”

Əslində, məntiqli düşünən bir insan bunun cavabını tapa bilər. Biz müsəlmanlar, Kəbə’nin daşlarına ibadət etmirik. Kəbə, bizim üçün bir simvoldur. Kəbə’nin arxasında bir ilah olduğu üçün, biz əslində rəbbimizə yönəlirik orada. Amma büdpərəstlərə baxdığımızda, özləri düzəltdiyi heykələ ibadət edirlər. Yəni, bu heykəlin arxasında bir ilah olduğunu söyləmirlər. Ən böyük fərq də budur. Müsəlmanlar, Kəbə’nin daşına, torpağına ibadət etmir. Kəbə’nin, kainatın sahibi olan Allaha ibadət edirik. Amma büdpərəstlər, düzəltdikləri heykələ ibadət edirlər və onu ilah olaraq görürlər.

13. ÖLDÜKDƏN SONRA DİRİLƏCƏYİKSƏ, NİYƏ ÖLÜRÜK ?

Bu sualı verən insana sadəcə bunu da demək olar: “Oyanacağını bilirsənsə, niyə yatırsan ?”. Buna bənzər suallar çox olur. “Günəş niyə qərbdə batır?”, “Niyə şərqdə çıxır?” və s. Bu dünya, səbəblərə bağlıdır. Buxarlanma və s olarsa, yağış yağar. Toxumu basdırarsan, sulayarsan, lazımi işığı verərsən çiçək açar. Bunlar səbəblərə bağlı olduğu kimi, axirətə getməyimiz üçün də ölmək lazımdır.

14. İSLAMİ MÖVZULARDA BƏZİ MÖCÜZƏLƏR VARDIR. SADƏCƏ DANIŞILIR. MƏNƏ GÖRƏ DƏLİLİ YOXDUR…

Zatən, möcüzəni göründüyü kimi sübut etmək məntiqsizdir. Adı üstündə, möcüzə. Möcüzə, Allahın, bəzi qanunlarından, anlıq olaraq imtina etməsi deməkdir. Məsələn, Allahın yaratma qanununda, ay ikiyə bölünməz. Amma Peyğəmbərin o anlıq möcüzəsini göstərməsi gərəkdiyi üçün, bəzi adətlərini tərk edib, ay’ı ikiyə bölə bilər. Bu tərz hadisələr, təbiətdən daha üst bir hadisədir. Bunun necə olduğunu göstərə bilsək, təbii hadisə olmuş olur. Möcüzə olmuş olmaz. “Heç dəlili yoxdurmu?” deyə soruşulsa, təbii ki, dəlili var.Peyğəmbərimizin, Qurani Kərimdə də olan, “Şakkı Kamer” (Azərbaycan Türkcəsi: “Şəqqül Qəmər”) olan Ayı ikiyə bölmə hadisəsinə nəzər salaq. Peyğəmbərimiz bu hadisəni gerçəkləşdirdiyində, bu insanlar Ayın ikiyə yarıldığını gördükdən sonra, inanmaq istəmədikləri üçün, “gözləyək, uzaqdan gələn karvandan soruşaq” təklifini irəli sürüblər. Bir zaman sonra uzaqdan gələn karvandan “Siz də ayın ikiyə yarıldığını gördünüzmü?” deyə soruşublar. Onlar da, “Hə, biz də gördük. Dünən gecə ay yarıldı.” deyə cavab veriblər. Bunun ardından, inanmaq istəməyən insanlar bu cavabı görüncə, (haşa) “Məhəmmədin sehiri göyə təsir etdi” deyib, yenə inkar etdilər. Dost və düşmən mənbələrinin hamısında bu hadisə təsdiqlənmişdir. Yəni, hər iki tərəfdə də “ay ikiyə yarılmadı” deyə bir şey deyilməyib. “Ay ikiyə yarıldı, amma (haşa) Məhəmməd sehir etdi deyə elə görüldü” deyə yazılır inanmayanlar tərəfindən. Sizcə belə bir sehir etmək olarmı? Həm ordakı insanlar, həm də uzaqdan gələn karvan bu hadisəni görüb və inkar etmək yerinə, “bu sehirdir” deyib özlərini aldadıblar. Bu da, bu hadisə üçün çox gözəl bir sübutdur.

O dönəmin insanları, İslam gəlmədən öncə bir çox günahlara girə bilirlər, içki içə bilirlər, qumar oynaya bilirlər və s. Sonra bir insan gəlir, Allah var deyir, ayələri göstərir və zinanın, içkinin, qumarın qadağan olduğunu söyləyir. Bunlar insan nəfsinə xoş gələn şeylərdir. Məsələn, nəfsinə xoş gələn şeyləri edirsən. Nəfsin hər an bir günah işləməni istəyir. Yalan söyləyən biri üçün bunlardan imtina etməzsən. Nəfsin, zatən bir bəhanə axtarır. Yalan söyləyən birini görsən, “mən bu yalançının arxasından niyə gedim?” deyib, təkrar köhnə günahlarına geri dönərsən. O dönəmin Səhabələri də: “Quranda Şakkı Kamer möcüzəsi var. Amma realda belə bir şey olmadıki” deyib, Peyğəmbərimizin arxasıyca getməyib, (haşa) “O yalançıdır” deyə bilərdilər.

15. ALLAH, NƏ ÜÇÜN ÖNCƏKİ KİTABLARIN YARARSIZ OLMASINA İCAZƏ VERMİŞDİR ?

Bu sualın cavabını anlamaq üçün, şəriətin nə olduğunu bilməyimiz lazımdır. Şəriət, Allahın qoyduğu qaydalar bütünüdür. Necə ki, fəsillərin dəyişməsinə görə, əlbisələr dəyişər. Xəstəliklərə görə, dərmanlar dəyişər. Eynən bunun kimi də, əsrlərə görə də şəriətlər dəyişər. Hətta bir əsrdə, ayrı-ayrı peyğəmbərlər, ayrı-ayrı şəriatlar gələ bilər. Peyğəmbərimizin şəriəti gəldiyi zaman, hər əsrə və hər insana uyğun olduğu üçün, başqa bir şəriət gəlməmişdir.

Bir topluluq düşünün, çox primitiv bir həyat yaşayırlar. Dəmir mədənini də yeni-yeni istifadə etməyə başlayıblar. Bu topluluğu məlumatlandırmaq üçün, bir kitab yollayacaq olsaq, universitet səviyyəsində bir kitab yollamarıq. Onların anlaya biləcəyi səviyyədə bir kitab yollayarıq. Eynən bunun kimi də, köhnə dönəmlərin topluluqlarına da, onların anlaya biləcəyi kitablar gəlmişdir. Və insanlıq, son kitaba hazırlanmışdır. Yəni, Qurani Kərim’ə. Peyğəmbərimizdən öncəki peyğəmbərlər belə, “mən son peyğəmbərəm” deyə bir şey söyləməmişdir. Yəni, onlar da, müəyyən bir müddət üçün gəldiklərini bilirdilər. Məsələn, Hz. İsa İncil’də, “Mən getməliyəm ki, aləmlərin rəisi gəlsin” deyə peyğəmbərimizin gələcəyinə bir işarə vermişdir.

16. BƏS, QURANİ KƏRİM NİYƏ İLK VƏ SON KİTAB OLARAQ GƏLMƏDİ ?

Bu mövzuda da məntiqli düşünmək lazımdır. Məsələn, bir məktəbli düşünün. Universitetə keçməsi üçün, məktəbi bitirməsi lazımdır. Məktəbli olan biri: “Mən niyə məktəbə gedirəm ? Onsuzda axırda gedəcəyim yer universitetdir. Mən birdəfəlik universitetə gedim.” deyə bilməz. Çünki, alacağı təhsilin müəyyən bir zamanı vardır. Eynən bunun kimi də, insanlıq da müəyyən təhsil zamanından keçdiyi üçün, ilk olaraq ən son səviyyədən, yəni Qurani Kərimdən başlaya bilməz.

17. İÇKİ, ÖNCƏKİLƏRƏ YAVAŞ-YAVAŞ QADAĞAN OLUNARKƏN, BİZLƏRƏ NİYƏ BİRBAŞA HARAM EDİLDİ ?

İlk başda bunu bilməyimiz gərəkdir ki, yavaş-yavaş haram etmək hadisəsinə, tədricilik deyilir. Diqqət etsəniz, spirtli içki bu dövrdə də tədricən qadağan olunur. Tədricən, birbaşa deyil, yavaş-yavaş olması deməkdir. Bir uşaq,  4-5 yaşından etibarən ətrafında gördüklərindən, spirtli içkinin qadağan olduğunu anlayır. Daha sonra, o uşaq, ortalama 14 yaşlarına gəldiyində o spirtli içki ona haram edilir. Yəni, spirtli içki haram edildiyi zaman, onun pis bir şey olduğunu o artıq bilir. Səhabələrə isə, spirtin haram edildiyi ayələrdə, zatən spirtli içkinin pis bir şey olduğundan bəhs edilir. Bu zamanlarda da, 13-14 yaşlarındakı bir uşaq, zatən öncəki həyatında anladığı şeylərə görə, spirtli içkinin pis bir şey olduğunu bildiyi üçün, “arada ayrıseçkilik var” deyilə bilməz. İki tərəfə də tədricən qadağan olunur.

18. QURANDA, QADIN VƏ KİŞİ NƏYƏ GÖRƏ BƏRABƏR DEYİL ?

Bu mövzu ilə bağlı gözəl bir söz vardır: “Bərabərlik, ədalət deyildir”. Bu sözü, ən yaxşı izah edən şəkillərdən birini görürsüz. Qurani Kərim, qadınlardan gizlənməsini, örtünməsini istəyirsə, onlara verdiyi dəyər səbəbindəndir bu. Çünki, qadınlar incədir, dərinlərdə olar və gizlidirlər. Peyğəmbərimiz, son sözlərində “Qadınlar sizə Allahın əmanətidir” buyurmuşdur. Qadın, mirasın 1/3 alarkən, kişi mirasın 2/3 alır. İlk baxışda ədalətsizlik kimi görünsə də, işin əslinə baxdığımızda qadının bu mövzuda üstün olduğunu görə bilirik. Qadın mirasdan 1/3 alarkən, kişi 2/3 alır, amma kişi, almış olduğu miras ilə, yoldaşına, uşaqlarına, evinə baxmaq ilə hökümlüdür. Amma qadın, evinə, yoldaşına mirasından xərcləməkdə hökümlü olmadığı üçün, o mirası özünə istifadə edə bilər. Qadın və kişi fərqli-fərqli mövzularda bir-birindən üstündür. Allah, Hucurat surəsi 13-cü ayədə deyir ki: “Allah yanında ən üstün olanınız Allahdan ən çox çəkinəninizdir”.

19. “ALLAH’IN HƏMİŞƏ “MƏN ETDİM, MƏN YARATDIM” DEMƏYİ MƏNƏ QƏRİBƏ GƏLİR”

Bu niyə qəribə gəlsin ki ? Məsələn, bir restorana getsən və restoran sahibi ilə söhbət edərkən: “Bu restoranı mən düzəltdim. Dizaynını da mən düşündüm. Çox əziyyət çəkdik, amma gözəl bir restoran oldu” desə, bu sənə qəribə gələr ? Yox, çünki o adam yalan demir, etdiyini söyləyir. Eynən bunun kimi də, Allah da bu kainatı yaratdı, bizləri yaratdı. Yəni, “Bunu mən etdim”, “Mən yaratdım” deməyi sənə qəribə gəlməməlidir. İnsan, bu dünyada özü yaratmadığı şeyləri sahibləndiyində qəribə görsənir. Buna da öz aramızda eqo deyirik. Allah, həqiqətən bir yaradıcı olduğu üçün, onu daha yaxşı tanımağımız üçün, özündən xəbər verir. “Mən yaratdım”, “Mən inşa etdim” deyir. Bu qəribə olmaz. Çünki, hər şeyi yaradan və yaşadan odur. Bu cümlə də, ondan başqasına yaraşmaz.

20. ALLAH, QƏLBLƏRİNİ MÖHÜRLƏDİYİ İNSANLARI NƏYƏ GÖRƏ CƏHƏNNƏMLƏ CƏZALANDIRIR ?

Qəlblərin möhürlənməsi, Allahın insanlara cəzası deyil, insanların öz etdiklərinin nəticəsidir. Çiçəkləri sulamasan, açmazlar. Qaydalara riayət etməsən cəzalanarsan. Allahın əmrlərinə qarşı gələr və iman etməmək üzərə küfürə girsən, qəlbindəki iman nurunu sildiyin üçün, Allah iman nurunun olmadığını görüb qəlbini möhürlər. Yəni bu, insanın özünün etdiklərinin nəticəsidir. Yoxsa, (haşa) Allah kimisə təsadüfən seçib qəlbini möhürləməz.

21. ALLAH BİZİ YARATMAZDAN ÖNCƏ NƏ EDİRDİ ?

Bu suala da, belə bir örnək verək. Siz bir dülgərsiz və qarşınızda sizin düzəltdiyiniz bir masa var. 1. Siz o masanı düzəltmək üçün, masadan öncə olmağınız lazımdır. 2. Masa cinsindən deyilsiz. Yəni, siz masadan öncəsiz və onun cinsindən deyilsiz, ona tabe deyilsiz. Termodinamikanın ikinci qanununa görə, Kainat sıfır həcm, sonsuz sıxlıqdan meydana gəlmişdir. Yəni, Kainat yoxdan var olmuşdur. Əgər, kainat yoxdursa, zaman və məkan da yoxdur. Çünki, zaman və məkan, kainata aid bir anlayışdır. Allah, kainat ilə birlikdə, zamanı və məkanı da yaratmışdır. Az öncəki örnəyə təkrar baxaq. Bir dülgərdiniz, masaya tabe deyildiniz və masadan öncəydiniz. Eynən bunun kimi də, bu elmi isbata görə, Allah kainatı yoxdan var edir və kainat ilə birlikdə zaman və məkanı da yaradır. Yəni, zaman, məkan və kainatdan öncə Allah zatən var idi. Yəni, Allah zamana və məkana bağlı deyildir. Zamana bağlı olmayan bir Allah üçün isə, “Bizi yaratmazdan qabaq nə edirdi” deyə bir sual verilməz.

Məqaləmizin sonuna gəldik. Xaricdən baxıldığında qəliz kimi görünən sualların, əslində islamiyyətdə daha geniş cavabları vardır. Əslində etməyimiz gərəkən şey budur. Bu qədər insanların beynini qarışdıranlara rəğmən, daha ətraflı araşdırmaq, öyrənmək lazımdır. Fərqli yerlərdən qarşımıza çıxan fitnələrin və ya ağlımıza gələn sualların cavablarını verə bilək.

Məqalədə qrammatik səhvlər varsa, @soltancode instagram hesabıma yazıb mənə bildirə bilərsiz. Ağlınızda olan başqa suallar varsa, Sözler Köşkü instagram, facebook hesablarına ( @sozlerkosku ) və ya Çay House instagram, facebook hesablarına suallarınızı yaza bilərsiz.

SÖzler köşkünün bu mövzuya aİd olan vidEosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir