DOĞRU İXTİSAS SEÇİMİ ÜÇÜN 5 YOL

Doğru ixtisas seçimi həyatımızda aldığımız ən mühüm qərarlardan biridir. Bu məqalədə, doğru ixtisas seçimi üçün sizə kömək edəcək 5 yoldan bəhs edəcəm.

❝ Sevdiyin bir işlə məşğul olsan, həyatın boyu bir gün belə işləmiş olmazsan. ❞

Confucius

BƏLLİ BİR ÇƏRÇİVƏDƏ QALMAYIN

Hər kəs həkim, polis, hüquqşunas olacaq deyə bir şey yoxdur. Dünyanın proqramçıya da, dizaynerə də, marketinq menecerinə və bu kimi yüzlərlə ixtisas sahibi insanlara ehtiyacı var. Bu peşələri kəşf etməli və özünü hansı peşədə daha xoşbəxt görürsənsə, onu da sahiblənməlisən.

❝ Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan. ❞

Nizami Gəncəvi

“Bəs bu peşələri necə kəşf edə bilərik?”, “Kəşf etdiyimiz peşələrin təhsilini necə və hardan alacayıq?” deyə soruşa bilərsiniz. Əgər orta səviyyədə bir ingilis dili biliyiniz varsa, rahatlıqla internet üzərindən bir çox məlumatlar əldə edə bilərsiniz. İngilis dili biliyiniz zəifdirsə, vaxt itirmədən təkmilləşdirməyiniz məsləhətdir. Çünki ingilis dili biliyinizin yaxşı olması, seçdiyiniz peşəni daha aydın və rahat mənbələrdən, daha tez bir zamanda öyrənməyinizə şərait yaradacaq.

❝ Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir. ❞

Confucius

Biz həmçinin özümüzü məktəb və universitet çərçivəsində tuturuq. “Təhsili ancaq bu iki yerdən almaq bəs edər” deyə düşünərək çox böyük səhv edirik. Məktəb və universitet bizə sadəcə bəzi imkanlar verir, bizə bir çox şərait yaradır. Sizə lazım olan kitabları, kursları və digər bütün informasiya mənbələrini tapıb onlardan yararlanmalısınız. Bu barədə daha ətraflı üçüncü yolda danışacam. Hələlik isə ikinci yola keçək.

ZAMANINIZI DOĞRU İNSANLARLA KEÇİRİN

Kimlərlə dostluq etdiyimiz də, gün ərzində kimlərlə zaman keçirdiyimiz də, ən az doğru ixtisas seçimi qədər önəmlidir. Bəzən biz hiss etməsək belə, aldığımız qərarlarda çevrəmizdəki insanların böyük bir təsiri olur. Buna görə də, çevrəmizdəki insanlara, dostlarımıza diqqət etməli və bizə faydalı olan insanlarla zaman keçirməliyik. Ən əsası da, bizə paxıllıq edən yox, aldığımız hər qərarda bizə dəstək olan, hər uğurumuzda ən az bizim qədər sevinən insanlarla zaman keçirməliyik.

İNFORMASİYA MƏNBƏLƏRİNİZİ ARTIRIN

İnternet dövründə yaşadığımız üçün çox şanslıyıq. Bəs bundan özümüzü təkmilləşdirmək üçün nə qədər istifadə edirik? Kimisi sadəcə internetdə boş vaxt keçirərək zaman itirir, kimisi də 1 ildə öyrənəcəyini bir neçə gündə buradan öyrənib zaman qazanır. İnternetdəki informasiya mənbələrini, onlayn kitabları, video dərsləri, məqalələri kəşf etmək və dəyərləndirmək mütləq lazımdır.

ARTIQ YÜKLƏRDƏN XİLAS OLUN

Deyək ki, artıq sən özünə bir ixtisas seçdin və bundan sonra bu yolda sənə lazım olan şeylər bəllidir. Demək artıq yükləri üzərindən atmağın vaxtı gəlib çatıb. Bəs nədir bu artıq yüklər? Bunlar bir məşğuliyyət də ola bilər, bir insan da ola bilər. Başladığınız bu yolda sizə mane olan, sizi axsadan hər şey əslində artıq yükdür. Tez bir zamanda bunlardan uzaqlaşmalı və indiyə fokuslanmaq lazımdır.

İNSANLARLA MÜNASİBƏTLƏRİNİZİ YAXŞILAŞDIRIN

Bu hissə, bura qədər bəhs etdiklərimdən çox fərqli, amma bir o qədər də önəmlidir. Çalışdığınız və ya çalışacağınız hansı peşə olur olsun, insanlarla münasibətinizi hər zaman yaxşı tutun. Özünüz olun, səmimi olun. İş yerinizdə çalışan xidmətçidən tutmuş direktorunuza qədər hər kəslə səmimi, mehriban, pozitiv olun. Unutmayın ki, siz insanlara nə qədər səmimiyyət göstərsəniz, o qədərini də geri alarsınız. Həyatda uğur qazanmaq üçün bu çox önəmlidir.

Son olaraq hər kəsin Ramazan bayramını təbrik edir və gələcək həyatlarınızda bol-bol uğurlar və uğurlarınızı bölüşəcəyiniz gözəl insanlar arzu edirəm.

Mündəricat

  1. Bəlli bir çərçivədə qalmayın.
  2. Zamanınızı doğru insanlarla keçirin.
  3. İnformasiya mənbələrinizi artırın.
  4. Artıq yüklərdən xilas olun.
  5. İnsanlarla münasibətlərinizi yaxşılaşdırın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir